ATVİB heyəti şəhid Elxan Muradovu məzarı başında yad etdi
Bugün 44 günlük Vətən Savaşında şəhidlik zirvəsinə ucalan Elxan Muradov Murad oğlunun cənnətdəki 21-ci doğum günüdür.
Şəhidimiz 15 may 2001-ci ildə Sabirabad rayonu Əhmədabad kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2017-ci ildə Əhmədabad kənd tam orta məktəbində başa vurmuşdur. Orta məktəbdə oxuduğu illərdə şəhidlərə həsr olunmuş tədbirlərdə daim fəal iştirak edirdi. Elxanı tanıyanlar Elxanın necə ürəkli, vətənpərvər oğul olmasını qeyd edirlər. Elxan hər zaman şəhidlərin qəhrəmanlıq ənənələrini daim davam etdirəcəyinə söz verirdi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirmişdir. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi.
Bugün şəhidimizin şəhadətinin ildönümündə kənd sakinləri, ailəsi, rayon rəsmiləri, ATVİB nümayəndələri və məktəblilər də iştirak etdi.
ATVİB İdarə Heyəti olaraq bütün şəhidlərimizə allahdan rəhmət, yaxınlarına və ailəsinə səbir diləyirik. VƏTƏN SAĞOLSUN!