Digər XəbərlərFəaliyyətimizXəbərlər

Bugün Görkəmli alim Akademik Əhliman Əmiraslanovun 75 yaşı tamam olur

Noyabrın 17-də Tibb sahəsinin görkəmli alimi, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Əhliman Tapdıq oğlu Əmiraslanovun 75 yaşı tamam olur.

Əhliman Əmiraslanov 1971-1974-cü illərdə Bakı şəhər Kliniki onkologiya xəstəxanasının Cərrahlıq şöbəsinin müdiri, 1977-1992-ci illərdə Moskvada TEA-nın ÜOEM nəzdindəki Ümumi onkologiya şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Respublika rəhbərliyinin dəvəti ilə Bakıya qayıdan Əhliman Əmiraslanov 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru, 1992-ci ildən ATU-nun Onkologiya kafedrasının müdiri, 2007-2019-ci illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır. 2010-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2015-ci ildən Milli Məclisin Səhiyyə Komitəsinin sədridir.

Akademik Əhliman Əmiraslanovun əsas elmi istiqamətini dayaq-hərəkət aparatı orqanlarının, yumşaq toxumaların və bəzi daxili orqanların bədxassəli şişlərinin diaqnostikası, profilaktikası və kompleks müalicə üsullarının işlənib hazırlanması və səhiyyə praktikasına tətbiqi məsələlərini əhatə edir. O, “Dayaq-hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi” üzrə Ümumittifaq Məktəbinə rəhbərlik etmiş, dəfələrlə ABŞ-ın nüfuzlu tibb mərkəzlərinin dəvəti ilə onkologiya klinikalarında dəyərli elmi mühazirələr oxumuş, cərrahi əməliyyatlarda iştirak etmişdir.

Əhliman Əmiraslanov respublikada və xaricdə çap olunmuş 838 elmi əsərin, o cümlədən 20 monoqrafiya, 35 dərslik və dərs vəsaitinin, 18 ixtira və səmərələşdirici təklifin, 5 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Alimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər, 50 fəlsəfə doktoru yetişdirilmişdir.

Əhliman Əmiraslanov xarici ölkələrdə keçirilən çoxsaylı beynəlxalq elmi forumlarda məruzələrlə çıxış etmişdir. O, Avropa ölkələri Onkoloqlar Assosiasiyası və Cəmiyyətlərinin, Amerika Kliniki Onkoloqlar Cəmiyyətinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990), UNESCO-nun eksperti (2006) və UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədri (2016), Türkiyənin Qazi Universitetinin fəxri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2010) seçilmişdir. Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TürkPA) sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv komissiyasının üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının baş redaktorudur.

Ə.Əmiraslanov SSRİ TEA-nın “Akademik N.N.Petrov” mükafatına (1985), SSRİ Dövlət mükafatına (1986), Əməkdar elm xadimi fəxri adına (1991), Amerika Bioqrafiya İnstitutunun “Zolotaya Statuya” mükafatına (1997), Polşa TEA-nın “Albert Şveytzer” mükafatına və Böyük qızıl medalına (1998), “Şöhrət” (2000) və “Şərəf” (2017) ordenlərinə, “Akademik Yusif Məmmədəliyev” mükafatına, “Akademik M.Topçubaşovun Məruzələri” Fəxri diplomu və qızıl medalına, Rusiya TEA-nın “Akademik N.N.Bloxin” Qızıl medalına (2007), Rusiyanın “XXI yüzilliyin liderləri” Proqramı çərçivəsində “Millətin intellekti” beynəlxalq təltifinə (2009), digər fəxri fərman və medallara layiq görülmüşdür.

16 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin İdarə Heyəti, şəxsim və Axısxa Türkləri adından Hörmətli Akademik Əhliman Əmiraslanovu 75-ci yaş günü və 16 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı arzu edirik. Əhliman Əmiraslanova elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Xalid Xəlilov

Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri

Dünya Ahıska Türkleri Birliği – DATÜB Azərbaycan təmsilçisi

Seçilmiş məqalə

Back to top button