ATVİB sədri və DATÜB təmsilçisi Xalid Xəlilov “Tuna” şirkətinin təsisçisi Rəşid Çulaqovu ziyarət etdi
Mayın 17-də Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi sədri və DATÜB təmsilçisi Xalid Xəlilov və sədr müavini Mövlud İşık “Tuna” şirkətini ziyarət edərək, şirkətin təsisçisi Rəşid Çulaqov ilə görüşdü.
Xalid Xəlilov, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” ordeni ilə təltif edilən Çulaqov Rəşid Yasin oğlunu bu böyük medala layiq görülməsi münasibətilə təbrik etdi.
Bundan əlavə ATVİB sədri Xəlilov, Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin mətbu orqanı olan “Axısxa” qəzetinin və Mövlud İşık tərəfindən hazırlanan “Axısxalı Şəhidlər” kitabının çap edilməsindəki dəstəkdən ötürü təşəkkürnamə təqdim edərək minnətdarlığını bildirdi.
Görüşdə birliyin fəaliyyətinin daha da güclənməsi, Axısxalı gənclərin peşə fəaliyyətinə cəlb olunması, birliyin mətbu orqanının çap edilməsi və digər mövzularda fikir mübadiləsi aparıldı.
Rəşid Çulaqov da öz növbəsində Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin fəaliyyətinin genişlənməsi üçün əllərindən gələni edəcəklərini və çap işlərində birliyə dəstək olacağını bildirdi.
Görüşdən sonra birlik sədri Xalid Xəlilov, şirkətin təsisçisi Rəşid Çulaqovun müşaiyəti ilə mətbəəni gəzərək, fəaliyyəti ilə tanış oldu.
Sonda isə birlikdə xatirə fotosu çəkdirilib.