Müsiad Azərbaycan İdarə Heyətinin üzvləri Birlik ofisini ziyarət edib.
ATVİB sədri və DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilovun dəvəti ilə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri Hüseyin Yapar və Emin Əzizlidən ibarət nümayəndə heyəti Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi & DATÜB Azərbaycan Təmsilçiliyi ofisini ziyarət edərək birlik fəalları ilə görüşüb.
Görüşdə ATVİB sədri Xalid Xəlilov qonaqlara Axısxa Türklərinin tarixindən və keçdiyi çətin həyat yolu ilə bağlı məlumatlar verərək, birliyin əsas məqsədinin Axısxalı türklərin tarixi vətən Axısxaya dönüş və toplumumuza tam bəraət qazanmaq olduğunu, bu məqsədə çatmaq üçün fəaliyyət göstərildiyini bildirib.
Millətimizin gələcəyi olan gənclərin daha təhsilli və dünyagörüşlü olması məqsədilə Axısxalı gənclərin xaricdə təhsil almaları üçün dəstək olduqlarını, bunun yanında isə abituriyentlərin faydalanması üçün Saatlı rayonu Fətəlikənd kəndində PULSUZ YÖS kursu təşkil edildiyini, Bakı şəhərində oxuyan gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün isə birlik ofisində kifayət qədər imkanlar olduğunu vurğuladı.
Azərbaycanda yaşayan Axısxalı türklərin içərisində iş adamlarının olduğunu və Müsiad Azərbaycan ilə koordinasiya edildikdən sonra birlikdə faydalı işlərin həyata keçirilməsi üçün maneələrin olmayacağını deyən birlik sədri Xalid Xəlilov, ən qısa zamanda Axısxalı iş adamları ilə Müsiad Azərbaycan arasında bir iş görüşməsinin keçirilməsini təklif etdi.
Müsiad Azərbaycan İdarə Heyətinin Sədri Rəşad Cabirli, Axısxalı Türkləri yaxından tanıdığını, onların necə əməksevər olduqlarını yaxşı bildiyini, gələcəkdə ortaq layihələr həyata keçirmək üçün hazır olduqlarını və rayonları ziyarət etdilər zaman Axısxalı sahibkarlar ilə də görüşəcəklərini bildirərək, birlik sədri Xalid Xəlilovun təklifi ilə razı olduğunu ifadə edib.
Tədbirdə çıxış edən DATÜB və ATVİB İdarə Heyətinin üzvü, ATVİB sədr müavini Mövlud Işık, Müsiad Azərbaycan İdarə Heyətinin Sədri Rəşad Cabirli başda olmaqla qonaqlara birlik ofisini ziyarət edərək, Axısxalı türklərə göstərdikləri diqqət və qayğıdan ötürü təşəkkürünü bildirib.
Görüşün sonunda ATVİB sədri Xalid Xəlilov, Müsiad Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirliyə jurnalist Mövlud Mevlüt Işık ın yazdığı “Axısxalı Şəhidlər” adlı kitabı hədiyyə edib.
Olduqca səmərəli keçən görüşdə iştirak edən ATVİB İdarə Heyəti üzvlərinin və birlik fəallarının onları maraqlandıran sualları qonaqlar tərəfindən cavablandırılıb.