Digər Xəbərlər

Qənirə Paşayeva Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyatdin Kassanov və Birliyin 9 ölkədəki təmsilçiləri ilə görüşüb – FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanovun başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən və DATÜB-ün Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Azərbaycan, ABŞ, Rusiya və b. – toplam 9 ölkədən gəlmiş təmsilçiləri ilə görüşüb.

Q.Paşayeva Axıskalılarla görüşlərin onunçün hər zaman əziz görüş olduğunu vurğulayıb. DATÜB-ün, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) fəaliyyətini həmişə maraqla izlədiyini bildirib. Gənclərin öz adət-ənənəsinə, milli-mədəni irsə, ortaq dəyərlərə, o cümlədən Türk birliyi ideyasına bağlı böyümələri baxımından ictimai fəal qüvvələrin özünəməxsus rola malik olduğunu bildirib.

Dünya Axıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun başçılığı ilə müxtəlif ölkələrdəki Axıska icmalarını təmsil edən ictimai liderlərin 20 Yanvar – Ümumxalq Hüzn Günündə Bakıya səfər etməsini təqdirlə qarşılayan Q.Paşayeva, şəhidlər – Milli Qəhrəman İsgəndər Aznaurov, Battal Bayraxtarov, Vüsal Şirinov, Musa Həmzəyev, Zeynalı Dursunov kimi oğulların yüksək vətənpərvərliyindən, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması, ərazi bütövlüyünün qorunmasında xidmətlərindən minnətdarlıqla söz açıb.

Görüşdə müxtəlif mədəni layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Z.Kassanov Azərbaycanda keçirdiyi bir sıra görüşlər, Azərbaycanda yaşayan Axıska türklərinin həyat və şəraiti ilə yaxından tanış olması barədə Komitə sədrinə məlumat verib.

Z.Kassanov və DATÜB-ün 9 ölkə üzrə təmsilçiləri Q.Paşayevanın müxtəlif beynəlxalq platformalarda, xarici səfərlərdə Axıskalıların problemlərini səsləndirməsini, onun Axıska sürgünü, ümumən Axıska ilə bağlı yazdıqlarını minnətdarlıqla qeyd ediblər. “Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Axıska türklərinin sürgün edilməsinin 75-ci ildönümü ilə bağlı Anım mərasimində çıxış edərkən sizin “Axıska” şeirini oxumasını da minnətdarlıqla xatırlayırıq. Azərbaycanda və Türkiyədə günü zü görmüş “Vətən qoxusu” əsərinizə görə də sizə minnətdarıq. Dünyanın dörd tərəfindəki Axıskalılar hər zaman Azərbaycanın dərdlərini, həqiqətlərini dilə gətirdiyi kimi, əmin ola bilərsiniz ki, bundan sonra da Azərbaycanın dərdini dərdimiz, sevincini sevincimiz biləcəyik”.

Komitə sədri DATÜB başqanı və təmsilçilərinə Azərbaycan, o cümlədən Xocalı Soyqırımı həqiqətlərinə yanar ürəkli münasibətlərinə görə onlara təşəkkür edib.

Sonra qarşılıqlı xatirə hədiyyəsi bağışı olub. Q.Paşayeva DATÜB başqanı və təmsilçilərinə Azərbaycan əl toxuması xalçası, Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.

Seçilmiş məqalə

Back to top button