Digər XəbərlərFəaliyyətimizXəbərlər

Şəhid İlham Məmmədov 30-cu doğum günündə unudulmadı, məzarı başında anıldı

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birlyinin sədri Xalid Xəlilov, Bölgələr üzrə sədr müavini Rüstəm Xəlilov, sədr müavini və Gəncə bölgəsi üzrə rəhbər Zabit Abitov, bölgə rəhbəri Mühiddin Xəlilov, Azərbaycan Respublikasının Yazarlar Birliyinin üzvü, Axısxa türkü şair Həmdi Ayvazov, Gəncədən Rüsəddin müəllim və Samux rayonundan olan Ummat Astanovdan ibarət ATVİB heyəti 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşan və sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid düşən Azərbaycan Ordusunun kiçik çavuşu olan İlham Məmmədovu doğum günü münasibətilə keçirilən mərasimdə iştirak edib.

Yevlax rayon şəhidlər xiyabanında keçirilən tədbirdə şəhidimizin valideynləri ilə yanaşı, Yevlax şəhər İcra Hakimiyyətinin Şəhid ailələri və müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Xaliq Əliyev, Yevlax Uşaq Gənclər və Şahmat Məktəbi ilə bir neçə idarə və təşkilat nümayəndələri iştirak etdilər.

Yevlax Uşaq Gənclər və Şahmat Məktəbi tərəfindən şəhidimiz İlham Məmmədovun xatirəsinə həsr edilmiş sambo üzrə turnir yarışının qalibləri üzərində şəhidimizin şəkli olan təqdirnamə ilə təltif edildilər.

Tədbirdə, Azərbaycan Respublikasının Yazarlar Birliyinin üzvü, Axısxa türkü şair Həmdi Ayvazov şəhidlərimizə ait şeir deyərək tədbir iştırakçılarını duyğulandırdı. Yevlax şəhər şəhidlər xiyabanında təşkil edilən tədbir sonrası şəhidimizin Yevlax rayonu Nemətabad kəndində yerləşən evində 23 fevral 1992-ci ildə anadan olan və 30-cu doğum günü olan İlham Məmmədovun anım mərasimi keçirildi.

Tədbirdə ATVİB sədri Xalid Xəlilov, Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi İdarə Heyəti və üzvləri adından şəhidimizin valideynlərinə başsağlığı verərək, hər zaman onların yanında olduqlarını bildirdilər.

30-cu doğum günündə əslən Axısxalı türk şəhidimiz İlham Məmmədovu rəhmətlə və minnətlə anırıq. İlham Məmmədovun timsalında vətənimizin azadlığı və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi zamanı şəhid olan bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik.

Seçilmiş məqalə

Back to top button