ATVİB sədri Xalid Xəlilov “Şuşa birliyimizin rəmzidir” adlı tədbirdə iştirak etdi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Respublika günü münasibəti ilə Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adı altında tədbir keçirdi.
25 may 2022-ci il tarixində keçirilən Tədbirə Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri də dəvət edilmişdir. Tədbirdə nümayəndələr azsaylı xalqların Azərbaycanda dövlətimizə hər zaman dəstək olduqlarını, bunun nəticəsi olaraq BBMM ilə möhkəm əməkdaşlıq qurduqlarını ifadə etdilər.
Axısxa Türklərini təmsilən Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədri, Dünya Ahıska Türkleri Birliği (DATÜB) təmsilçisi Xalid Xəlilov iştirak etdi.
Sədr Xalid Xəlilov Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edərək, başda İcraçı direktor Rəvan Həsənov olmaqla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bütün əməkdaşlarına dəvətə görə təşəkürlərini bildirdi.
Daha sonra isə müstəqilliyin qurulmasında Axısxa türkü aydınlarımızın, buna misal olaraq Ömər Faiq Nemanzadə, Şəfiqə Xanım Əfəndizadə və Əhməd Bəy Pepinov kimi şəxsiyyətlərin fəaliyyətlərinin də mühüm rol oynadığını ifadə etmişdir. Axısxa Türklərinin hər zaman Azərbaycanı öz vətəni kimi qəbul etdiklərini, bunun təzahürü olaraq Birinci Qarabağ müharibəsində, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında- 44 günlük Vətən müharibəsində də axısxalı şəhidlər və İsgəndər Aznaurov kimi milli qəhrəmanların olduğunu qeyd etdi.
Sonda isə Axısxa Türklərinin hər daim Azərbaycanı vətən olaraq gördüklərini və ölkəmiz üçün hər zaman birlik və bərabərlik ruhu ilə çalışdıqlarını ifadə etdi.