ATVİB Ömər Faiq Nemanzadənin 150 illik Yubileyi ilə bağlı tədbir keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ömər Faiq Nemanzadənin 150 illik Yubileyi ilə bağlı 3 oktyabr 2022-ci il tarixli sərəncama uyğun olaraq 4 dekabr 2022-ci il tarixində Saatlı Şəhərinin Gənclər Mərkəzində Azərbaycan ədibi, molla nəsrəddinçi, publisist, pedaqoq, “Qeyrət” mətbəəsinin yaradıcısı və sahibi, “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi, Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynamış, ictimai-siyasi xadim, görkəmli şəxsiyyət Ömər Faiq Nemanzadə Lömən oğlunun 150 illik Yubileyi münasibəti ilə tədbir keçirildi.
Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) təşkil etdiyi tədbirdə ATVİB İdarə Heyətinin sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, Saatlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Həsənov, Saatlı rayon təhsil sektorunun müdiri Günay Sultanova, Saatlı Rayon ictimaiyyəti, Saatlı Rayon Mədəniyyət mərkəzinin əməkdaşları, Saatlı Rayon məktəblərinin direktorları, Professor Asif Hacılı, Azərbaycan Respublikasının Qazilər İctimai Birliyinin Tibb işləri üzrə müavini Rüstəm Dursunov, Sumqayıt Dövlət Universiteti müəlliməsi İlahə Xanım, Ömər Faiq Nemanzadənin nəvəsi Çingiz Nemanzadə, ATVİB İdarə Heyətinin üzvləri, ATVİB ilk təşkilat rəhbərləri, müəllimlər, şagirdlər, ağsaqqallar və media əməkdaşları iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başladı.
Saatlı Rayonu Nəsimikənd kənd tam orta məktəbinin təhsil üzrə direktor müavini və ATVİB İdarə Heyətinin üzvü Əli Bayraqdarov Ömər Faiq Nemanzadənin həyatı, ideologiyası və yaradıcılığı haqqında geniş məlumatlar verərərk çıxış etdi.
Əli Bayraqdarovun çıxışından sonra Nəsimikənd kənd tam orta məktəbinin 11-ci sinif şagirdlərinin səhnələşdirdiyi Ömər Faiq Nemanzadənin “Mən kiməm ?” məqaləsi iştirakçılara nümayiş edildi. Təqdim edilən səhnə iştirakçılar tərəfindən çoşğu ilə qarşılandı və alqışlandı. Nəsimikənd kənd tam orta məktəbinin şagirdləri günün önəmi haqqında müxtəlif şeirlər səsləndirdilər, manhılar ifa etdilər.
Axısxa Türklərinin əziz dostu, filologiya elmləri doktoru, professor Asif Hacılı isə çıxışında Ömər Faiq Nemanzadənin yaradıcılığı, Azərbaycandakı fəaliyyətləri haqqında, Azərbaycanın görkəmli ədibləri, yazıçıları ilə Ömər Faiq Nemanzadənin əlaqələri haqqında ətraflı məlumatlar verdi.
Saatlı rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Həsənov və Saatlı rayon təhsil sektorunun müdiri Günay Sultanova da Ömər Faiq Nemanzadənin həyatı, yaradıcılığı və Azərbaycandakı fəaliyyətlərinin önəmi, Ömər Faiq Nemanzadə ideologiyasının, fikirlərinin bugün də aktual olduğunu, milli məsələlər, din və millət haqqında söylədiklərinin nə qədər doğru və danılmaz olduğunu vurğuladılar.
Daha sonra, Ömər Faiq Nemanzadənin nəvəsi Çingiz Nemanzadə çıxışında cənab Prezident İlham Əliyevə Ömər Faiq Nemanzadənin 150 illik Yubileyi ilə bağlı qəbul etdiyi sərəncam üçün minnətdarlığını bildirərək, babası Ömər Faiq Nemanzadə haqqında xatirələri iştirakçılar ilə bölüşdü.
Sonda çıxış edən ATVİB sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevə Ömər Faiq Nemanzadəyə dövlət səviyyəsində verilən yüksək dəyər, və qəbul edilən sərəncamdan otrü təşəkkürlərini bildirdikdən sonra tədbirin ərsəyə gəlməsində əməyi keçən təşkilat komitəsinin sədri, ATVİB Bölgə rəhbəri Mühiddin Xəlilov və Komitənin üzvlərinə, müəllimlərə və şagirdlərə minnətdarlığını bildirərək Fəxri Fərmanlar təqdim etdi və iştirakçılar ilə birlikdə xatirə şəkilləri çəkildi.