ATVİB və DATÜB-dən eko aksiyaya dəstək
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini və Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) İdarə Heyətinin üzvü Mövlud İşık, 13 yanvar 2023-cü il tarixində Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya qatılaraq ATVİB və DATÜB-ün dəstəyini ifadə edib.
Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya Azərbaycan vətəndaşı olan Axısxa türklərinin dəstəyini ifadə edən ATVİB sədr müavini Mövlud İşık, Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarı və bu mədənlərdə monitorinqlərin keçirilməsinə şərait yaradılmamasını pisləyib.
Azərbaycan vətəndaşı olan Axısxa türklərinin hər zaman Azərbaycanın yanında olduğunu, Birinci Qarabağ müharibəsi və Böyük Vətən Savaşında olduğu kimi bu eko aksiyaya da dəstək verdiklərini bildirən Mövlud İşık, Laçın-Xankəndi yolunun guya bağlandığı ilə bağlı ermənilərin səsləndirdiyi fikirlərin isə tamamilə yalan olduğunu diqqətə çatdırıb.
Mövlud İşıq, Azərbaycanın Qarabağ üzərində suverenliyi prinsipi vurğulayaraq, şəffaf şəkildə monitorinqin keçirilməsi və azərbaycanlı ekoloqların fəaliyyətinə tam şəraitin yaradılması tələbinin davam etdiyini deyərək, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında ermənilərin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti nəticəsində bu bölgədə ətraf mühitə vurulan zərərləri pisləyib.
Bu qanunsuz istismarın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə zidd olduğunu xüsusi qeyd edərək Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin və Dünya Ahıska Türkləri Birliyinin bu eko aksiyaya həmrəyliyini və dəstəyini ifadə edib.