Digər XəbərlərManşetXəbərlər

Saatlıda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirildi.

Dünya Ahıska Türkleri Birliği – DATÜBAzərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi nin təşkilatçılığı ilə 15 oktyabr 2022-ci il tarixində Saatlı rayonunda keçirilən anım mərasiminə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri, DATÜB Azərbaycan təmsilçisi Xalid Xəlilov, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Ali Rıza Altunel, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin nümayəndəsi Rövşən müəllim, Gəncliyə Yardım Fondunun nümayəndələri, ATVİB İH-nin üzvləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti, ATVİB nümayəndələri və fəalları iştirak etdilər.

Tədbirdən əvvəl Saatlı rayon Şəhidlər Xiyabanı ziyarət edildi və şəhid abidələrinə çiçəklər qoyuldu.

Tədbir dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edərək başladı, daha sonra isə Azərbaycanın dövlət himni səsləndirildi.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri, DATÜB Azərbaycan Təmsilçisi Xalid Xəlilov tədbiri giriş sözü ilə açaraq, bildirib:

“Bugün bizim burada toplanmağımızdakı əsas səbəb şəhidlərimizi unutmamaq, unutdurmamaq məqsədi daşıyır. Onun üçün də biz qərara gəldik ki bu tədbiri Saatlı rayonunda keçirək. Bildiyiniz kimi bizim “44 Günlük” Vətən müharibəsində Axısxa Türkləri Azərbaycan Türkləri ilə çiyin-çiyinə Qarabağımızın azad olunması uğrunda döyüşlərdə iştirak etmişlər. Həm şəhidlərimiz, həm də qazilərimiz olmuşdur. Biz bu toplantı ilə hamıya nümayiş etmək istəyirik ki biz həmişə Azərbaycan xalqının yanında olmuşuq. Düzdür bilirsiniz ki Axısxa Türklərinin Azərbaycana ilk gəlişi 1958-ci ildə olmuşdur ancaq daha sonra Fərqanə hadisələrindən sonra, Azərbaycan xalqı, Azərbaycan milləti, Azərbaycan dövləti Axısxalılara necə qucaq açmışdır hamımiz şahidik. Azərbaycanda yerli xalqa tanınan bütün hüquqlar Axısxa Türklərinə də tanınmışdır. Bilirsiniz ki Torpaq islahatı dövründə Ümummilli liderimiz Heydər Əliyev 1989-cu ildə gələn Axısxa Türkləri və yerli xalq arasında eyni və bərabər şəkildə torpaqların paylanılması haqqında göstəriş vermişdir. XX əsrin sonlarında, 1980-1990 ci illərdə erməni qəsbkarları Azərbaycan torpaqlarına, Azərbaycanın incisi olan Qarabağa göz tikdilər. O dövrdə bilirsiniz ki Sovet dövlətinin zəifləmiş vaxtı idi və erməni daşnaqları bu fürsətdən istifadə edərək Azərbaycanın 20 faiz torpaq ərazisini işğal etdilər. O dövrdə Azərbaycanımız çox sayda şəhid verdi və çox sayıda qazilərimiz var. Yalnız o dövrdə bilirsiniz dövlətimiz hələ zəif idi, silah-sursat baxımından yox səviyyəsində idi amma Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində səbirlə Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi, Azərbaycan ordusu qurulmağa başladı. Azərbaycan ordusu günü gündən gücləndi. Azərbaycan ordusu əslində bundan neçə illər əvvəlcədən vətən müharibəsinə hazır idi lakin, möhtərəm Prezidentimiz İlham Əliyev çalışırdı ki itkimiz olmasın, heçbir tərəfdən itki olmasın, sülh ilə bu məsələnin həll oluması üçün çox güc sərf etdi. Mötəbər görüşlərdə, hər yerdə Azərbaycan dövləti hər zaman sülh yolu ilə bu məsələni həll etmək istədiyini dəfələrlə bəyan etmişdir. Lakin, erməni qəsbkarları buna mahal qoymurdu və onların havadarları da onları arxayın edirdi. Vəziyyət bu yerə gəldi çıxdı kı artı erməni qəsbkarları 2020-ci ildə azqınlığa başladı. Ölkəmizin müxtəlif yerlərində təxribatlar törədərək sanki Azərbaycan xalqına göz dağı vermək istəyirdi. Lakin, Tovuz qarşıdurmasından sonra lori dildə desək bizim də səbr kasamız daşdı və erməni qəsbkarları sentyabrın 27-də Azərbaycan torpaqlarına basqın etdilər və Azərbaycan ordusu, Azərbaycan oğulları, Azərbaycan əsgəri və Azərbaycan ordusu ermənilərin bu həmləsinə çox güclü, çox laiqli cavab verdilər. Bilirsiniz ki artıq sentyabrın 28-dən Prezidentimiz İlham Əliyev televizya vasitəsi ilə kəndlərimizin azad olunması barədə xalqımıza bildirişlər verdi.

Onu deyə bilərəm ki bu müharibədə yalnız cəbhədə olan əsgərlərimiz və zabitlərimiz deyil arxada olan insanlarımız da bir yumruq kimi birləşdi, güc oldu, böyük bir güc oldu və bizim əsgərlərimiz də bu gücdən ilham alaraq yalnız torpaqlarımızın işğaldan azad olunması üçün hücuma keçdilər və canlarını belə fəda etməkdən çəkinmədilər. Çoxlu şəhidlərimiz oldu, Allah onlara rəhmət etsin, qazilərimiz oldu Allah onlara uzun ömür versin.

Bilirsiniz ki bu müharibə dövründə Azərbaycanda və Azərbaycandan kənarda yaşayan Axısxa türkləri də dəstək oldu. Dünya Ahıska Türkleri Birliği başqanı Ziyatdin Kassanov müharibə gedən vaxtı Azərbaycan dövlətinə müraciət etdi və biz Axısxa Türkləri malımızla və canımızla Azərbaycan dövlətinin yanındayıq deyə bildirdi və döyüş bölgələrinə lazımi ərzaq yardımı ilə kömək etdi və müharibə qurtarandan sonra da başqanımız Ziyaddin Kassanov kənd-kənd gəzərək şəhid ailələrini ziyarət etdi və köməyə ehtiyacı olanlara yardımlar etdi. İndi, şükürlər olsun ki Azərbaycan torpaqlarının hamısını qaytardı, Azərbaycan firavan həyat sürməyə başladı, Azərbaycan böyük quruculuq işlərinə başladı və dünən mən mətbuatda gördüm ki 300-dən çox böyük şirkət Qarabağı dirçəlməsi üçün fəaliyyətlərə başlamışdır. Bu da çox sevindirici haldır. 16 ölkədən 300 şirkət, demək ki ən azı 16 dövlət yanımızdadır. Bizim haqq işimizdə bizim yanımızdadır. Düzdür müharibə dövründə də bir çox ölkə haqlı mövqeyimizi dəstəklədilər, müharibədən əvvəl də bir çox ölkə Qarabağ Azərbaycan torpağıdır dedilər lakin buna baxmayara elə dövlətlər oldu ki onlar bu savaşda bitərəf mövqe seçdilər. Amma biz bu savaşda dostumuzu da düşmənimizi də yaxşı tanıdıq. Bilirsiniz ki bu dövrdə bizə ən çox dəstək olan Türkiyə dövləti olmuşdur. Türkiyə Prezidenti cənab Recep Tayyip Erdoğan, Türkiyə dövlətinin Milli Müdafiə Naziri, Xarici İşlər Naziri həmişə bizim yanımızda olmuşdur. Onun üçün də bir Azərbaycanlı olaraq, Azərbaycan vətəndaşı olaraq mən Türkiyə xalqına, Türkiyə dövlət rəhbərliyinə öz təşəkkürlərimi bildirirəm. Burada Türkiyə dövlətindən qonaqlarımız var və onların simasında bir daha Türk xalqına və Türkiyə dövlətinə öz təşəkkürlərimi bildirirəm. Pakistan dövləti və yenə bir neçə ölkə bizim yanımızda oldu və yanımızda olan bütün dövlətlərə təşəkkür edirəm. Sonunda nə deyəbilərəm, biz bu cür tədbirləri böyük kiçikliyindən asılı olmayaraq tədbirləri keçirərsək, şəhid ailələri və qazilərimiz də görər ki biz onları unutmuruq. Məktəblərdə tədbirlər keçirililərsə çox gözəl olar. Biz davamlı belə tədbirlər keçirməliyik ki gənclərimiz vətənpərvər ruhda böyüsünlər və yetişsinlər.”

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov şəhid ailələrini, qaziləri və iştirakçıları salamladıqdan sonra sözlərinə çıxış etdi:

“Bilirsiniz ki, bugün biz əziz şəhidlərimizin xatirə, anım tədbirinə yığışmışıq. Bildiyimiz kimi Böyük Vətən Savaşında Azərbaycan Respublikasının vətəndaşları olan gənclər cənab Ali Baş Komandanın ətrafında birləşərək vətənin çağırışına yollandılar, ölüm-dirim savaşına atılaraq 44 gündə Azərbaycanın 30 ilə yaxındır ki işğalda olan torpaqlarınıı azad etdilər. 44 gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Qızıl hərflərlə yazılmasının səbəbkarları bizim şəhidlərimiz, əziz qazilərimiz və müharibə iştirakçılarımızdır. Vətən torpağının işğalı hər bir Azərbaycan vətəndaşını narahat edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün tədbirlərdə hər zaman ilk olaraq Azərbaycanın ərazi bütövlüyü məsləsini qaldırırdı, Azərbaycanın işğala məruz qaldığı məsələsini bütün dünya dövlətlərinə çatdırdı ancaq çox təəssüflər olsun ki 30 il ərzində danşıqlar heçbir fayda vermədi və vətən torpağını məhz Azərbaycan xalqı, Azərbaycan gəncləri öz qanları, canları hesabına işğaldan azad etməyə nail oldular. Bu qəhrəman şəhidlərimiz hər zaman Azərbaycan tarixində yaşayacaqlar. Çünkü onların qəhrəmanlıqları Azərbaycana razılıq gördüyünü bəxş etdi. O şəhidlərin əziz ruhu Azərbaycan xalqının qəlbində hər zaman ən yüksək səviyyədə qalacaqdır. Çünkü o şəhidlər torpaqlarımızı qaytardılar, çünkü həmən şəhidlər 30 illik vətən həsrətinə son qoydular, çünkü həmən şəhidlər Azərbaycan tarixinə zəfəri qızıl hərflər ilə yazıblar.

Burada şəhid valideynləri iştirak edir, mən onların hər birinin qarşısında baş əyirəm. Onlar hər biri qəhrəman övladlarını yetişdirib Vətənə qurban veriblər. Onlar öz canlarından vətənə can veriblər. Biz nə qədər onlara xidmət göstərsək də, nə qədər desək də onların borcu qarşısında, heçbir zaman öz borcumuzu axıra kimi yerinə yetirə bilmərik. Çünkü həmən şəxslər doğrudan da Azərbaycan tarixində yaşayan qəhrəmanları yetişdirmiş insanlardır. Mən bir daha şəhid valideynlərinin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət etsin, Allah qazilərimizə can sağlığı versin. Azərbaycanın torpağı uğrunda canlarından keçmiş bütün şəhidlər Azərbaycan xalqının milli dəyəridir. Onlar hər zaman yaşayacaq, nə qədər Azərbaycan var, nə qədər Azərbaycan bayrağı dalğalanır onların əziz ruhu hər zaman ən yüksək ehtiramla yad olunacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, çox sağolun.”

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əhliman Əmiraslanov:

“Çox hörmətli şəhid valideynləri, burada görürəm qazilərimiz də var, çox hörmətli qazilər, çox hörmətli dostlar, ağsaqqallar biz bu günlər zəfər bayramı ərəfsində zəfərimizi hər yerdə qeyd edirik. İstər ölkə daxilində istər ölkə xaricində. Xarici ölkələrin bir çoxunda artıq qeyd olunmasına artıq başlanılmışdır. Ali Baş Komandan Möhtərəm Cənab Prezidentimizin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu 44 gün ərzində çox böyük igidlik, rəşadət göstərərək torpaqlarımızı erməni işğalçılarından azad etdilər. Mən dünən eşidəndə ki bura gələcəm, baxdım görüm 2 il bundan əvvəl ayın 15- də hansı hadisələr baş verib. Yalnız ayın 15-də 10-a yaxın kəndimiz azad olunub işğaldan. Bunu edən bizim övladlarımız, şəhitlərimiz və bugün burda iştirak edən qazilərimizdir. Bütün dünya Azərbaycan əsgəri qarşısında baş əydi. Yeganə ölkədir ki 44 günlük müharibə ərzində bir nəfər də olsun fərarisi olmadı. Düşmən ölkədə isə fərarilərin sayı 10 mini keçdi. Bu onu göstərir ki Azərbaycan xalqı qəhrəman xalqdır, Azərbaycan xalqı bir qarış torpağını belə heç vaxt heç kimə verməyəcək. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu müharibədə Azərbaycanlılarla yanaşı Axısxa Türk qardaşlarımız da ön cəbhədə böyük qəhrəmanlıqlar göstərdi. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də böyük qəhrəmanlıqlar göstərdi və biz bu qələbəyə nail olduq. Mən xüsusilə, burada vurğulandı, “44 Günlük Müharibədə” Azərbaycanın böyük zəfərini, qələbəsini qazanmağında qardaş Türkiyənin, Türk Cümhuriyyətinin, onun Cumhurbaşqanı Cənab Recep Tayyip Erdoğanın xidmətlərini xüsusi ilə qeyd etmək istəyirəm çünkü, mən Azərbaycanda Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəriyəm və o hadisələrin çoxundan xəbərdaram. Onu deyə bilərəm ki, 44 günlük bu müharibənin ilk saatından son saatına qədər Türkiyə dövləti, Türk qardaşlarımız bizim yanımızda oldu və bizə hər tərəfli dəstək verdi. Bu gün də onlar hər zaman bizim yanımızdadır, Dünyanın harasında olursa olsun Recep Tayyip Erdoğan biz Azərbaycanın yanındayıq deyir. Bunu yalnız qardaş qardaşa edə bilər. Başqası bunu heç vaxt edə bilməz. Mən çox vaxtınızı almadan istərdim bugünkü bu tədbirin təşkilatçılarına öz dərin təşəkkürümü bildirim, Vətən Cəmiyyətinə. Mən Axısxa Türklərinin dostuyam, burada oturanlar yəqin bilir. Demək olar ki hər gün onlar mənim çalışdığım klinkaya müraciət edir onlar. Təkcə Axısxa Türkləri ilə yox Saatlı-Sabirabad-Kürdəmir rayonlarından olmayan seçicilərlə görüşürəm və çalışıram onların problemlərini həll edim. Son olaraq qeyd edimki Möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda şəhid ailələrinə, qazilərə çox böyük diqqət və qayğı var. Onların bütün problemləri həll olunub, həll olunmayan problemləri isə gələcəkdə həll olunacaqdır. Bugün biz torpaqlarımızın azad olunmağına görə, şəhidlərimizə və qazilərimizə borcluyuq. O şəhidlər, bugün deyildiyi kimi nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var o şəhidlər də yaşayacaq. Allah onlara rəhmət etsin, təşəkkür edirəm.”

Türkiyə Cümhuriyyətinin Azərbaycanda Səfirliyinin Təhsil Müşavi Ali Rıza Altunel isə çıxışında birlik və bərabərliyimizin daim olacağı halda heç bir qüvvənin bizim qarşımızda dura bilməyəcəyini bildirib, dəvət üçün təşəkkürlərini bildirərək şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib.

Daha sonra kürsüyə dəvət edilən Şəhid Hüseynov İsanın anası Vüsalə xanım isə:

“Əziz tədbir iştirakçıları hər birinizi salamlayıram, gələn qonaqlarımıza xoş gəldiniz deyirəm. Göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərimi bildirirəm şəhid analarının adından. Çox sağolsunlar, varolsunlar, verdikləri ehsanı da Allah qəbul etsin.” deyə təşəkkürlərini dilə gətirdi.

Digər bir şəhid anası Leyla Xanım isə,

“Salam əziz tədbir iştirakçıları, hamınızı salamlayıram. Mən bugün burada oturan bütün insanları dəyərli insanlar adlandırıram. Ona görə ki burada şəhid valideynləri əyləşib, Çünkü onların əzab-əziyyətlə böyütdükləri balaları şəhid olublar. Qazilərimiz canlı şəhidlərimizdir. Bizim ən çətin vaxtımızda bizə dəstək olan, bizə mənəvi dəstək verən və bizi əzizləyən iştirakçılara da öz təşəkkürümü bildirirəm. Bu tədbiri təşkil edən hər bir insana şəhid anaları adından öz dərin təşəkkürümü bildirirəm. Çox sağolun ki varsız, nə yaxşı ki varsınız, əgər biz yadda qalırıqsa demək ki bizim şəhidlərimiz unudulmayıb.” deyərək öz minnətdarlığını bildirdi.

Daha sonra İlahiyyat İnstitutunun Şərqşünaslıq kafedrasının müdiri Əhməd Niyazov iştirakçıları salamladıqdan sonra, tədbir iştirakçılarını Şəhidlik, şəhidlərin və qazilərin islam dinində dəyəri haqqında məlumatlandırdı.

İctimai Birliyimizin fəallarından və Axısxa Türklərinin dəyərli şairi Həmdi Ayvazov günün önəmini əks etdirən, dərin mənalı bir şeir səsləndirmişdir.

Tədbirin davamında Şəhidlərin ruhu üçün Qurani-kərim oxunmuş, ehsan yeməyi verilmiş və xatirə şəkilləri çəkilmişdir.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi İdarə Heyəti olaraq, tədbirin keçirilməsində əməyi keçən ATVİB nümayəndələri və fəallarına, şəhid ailələri və qazilər üçün ərzaq qutuları yardımı edən Gəncliyə Yardım Fondunun Prezidenti Əhməd Tecimə, maddi dəstəkləri üçün Dünya Ahıska Türkleri Birliği başqanı Ziyatdin Kassanova, Saatlı İcra Hakimiyyəti rəhbərliyinə, tədbirdə iştirak edən bütün qonaqlara, şəhid valideynlərinə və qazilərimizə təşəkkür edirik.

Allah Vətən torpağı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı arzu edirik.

Şəhidlər ölməz, Vətən bölünməz!

Seçilmiş məqalə

Back to top button