Vətən Savaşı şəhidi Səlim Qılman oğlu Cabbarov doğum günündə unudulmadı
Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin idarə heyətinin üzvü və sədr müavini Rüstəm Xəlilov, bölgə rəhbəri Muhiddin Xəlilov və digər ATVİB fəalları şəhidimizi 20 yaşı münasibətilə məzarı başında ziyarət edərək, ruhuna dualar oxudular.
Səlim Cabbarov 6 fevral 2002-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində anadan olub. Əslən axısxa türkü olan Səlim, 2008-2019-cu illərdə Saatlı rayon Şirinbəyli kənd tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Səlim Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Allahdan şəhidlərimizə rəhmət diləyirik!